RƏBİUL-ƏVVƏLİN BİRİNCİ GECƏSİ
Bu gecə "Ləylətul-məbit" adı ilə tanınmışdır. Belə ki, bu gecədə çox mühüm bir tarixi hadisə baş vermişdir. Besətin 13-cü ilində Həzrət Rəsulallah (s) Məkkədən Mədinəyə hicrət edərək şəhərdən xaric olur və Sur mağarasında gizlənir. Əmirəl-möminin (ə) isə düşmənlər duyuq düşməsinlər deyə, fədakarcasına o həzrətin yatağında yatır. O həzrətin evini mühasirəyə alan Qureyş müşrikləri Rəsulallahı (s) öz yatağında yatmış hesab edib sübhə qədər gözləmiş və sübh vaxtı əllərində qılınc o həzrəti öldürmək üçün onun evinə hücum çəkmişlər. Lakin yataqda Əlini (ə) görmüşlər! Beləcə, Rəsulallah (s) müşriklərin əlindən xilas olur, Əli (ə) isə o həzrətə olan sevgisini, qardaşlığını və fədakarlığını nümayiş etdirir. Çünki o gecə həmin yataqda yatan kəs qətlə də yetirilə bilərdi. Bəqərə surəsinin 207-ci ayəsi Əmirəl-mömininin (ə) bu fədakarlığı barədə nazil oldu: "İnsanlardan bəzisi öz canını Allahın razılığı müqabilində satırlar. Allah bəndələrə qarşı mehribandır."
Həzrət Rəsulallahın (s) hicrət ili müsəlmanların tarixinin başlanğıcı oldu və bu hadisə İslam aləmində böyük bir dönüş yaratdı.
RƏBİUL-ƏVVƏLİN BİRİNCİ GÜNÜ
Alimlər qeyd edirlər ki, Həzrət Rəsulallahın (s) uğurlu hicrətinin şükranəsi olaraq bu gün oruc tutmaq, sədəqə vermək və ehsan etmək müstəhəbdir. Bu gündə Həzrət Rəsulallahı (s) ziyarət etmək bəyənilir. Seyid İbn Tavus "İqbal" kitabında bu gün üçün bir dua da nəql etmişdir.
RƏBİUL-ƏVVƏLİN SƏKKİZİ
Bir rəvayətə görə hicri-qəməri 260-cı ildə belə bir gündə İmam Həsən Əskəri (ə) şəhid oldu və həmin gün İmam Zamanın (ə.f) imamlıq dövrü başlandı.
RƏBİUL-ƏVVƏLİN ONU
Həzrət Rəsulallahın (s) Xanım Xədicə (s.ə) ilə izdivac günüdür. İzdivac edərkən Rəsulallahın (s) 25 yaşı və Xanım Xədicənin (s.ə) 40 yaşı olmuşdur. Bu gün şükranəlik ünvanında oruc tutmaq müstəhəbdir.