GECƏ NAMAZININ FƏZİLƏTİ
Gecə nafiləsinin fəziləti barədə Məsumların (ə) saysız hədisləri vardır. Hədislərdə buyurulur ki, gecə nafiləsi möminin şərəfidir, bədənin sağlamlığına səbəb olar, insanın gün ərzində işlətdiyi günahların kəffarəsidir, qəbir vəhşətini aradan qaldırar, üzü nurlu edər, ruzinin çoxalmasına səbəb olar. Mal və övlad dünya həyatının zinəti olduğu kimi, gecənin axırında qılınan səkkiz rəkət namaz və "şəf" və "vətr" namazları insanın axirətinin zinətidir. Bəzən Mütəal Allah hər iki zinəti insana bəxş edir.
İmam Sadiq (ə) buyurur ki, Həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) etdiyi tövsiyələrində buyurdu: "Ey Əli, mən sənə bir neçə işi tövsiyə edirəm, onları yadda saxla." Sonra o həzrət buyurdu: "Ey Allahım, bu yolda Əliyə kömək et." Daha sonra Həzrət Peyğəmbər (s) bir sıra xislətləri sadalayıb bura yetişdi: "Gecə namazına əhəmiyyət ver, gecə namazına əhəmiyyət ver, gecə namazına əhəmiyyət ver."
Həzrət Peyğəmbərin (s) Ənəs adlı bir səhabəsi nəql edir ki, o həzrət buyurdu: "Gecənin ortasında iki rəkət namaz qılmaq mənim üçün dünya və onda olanlardan qat-qat sevimlidir."
Başqa bir hədisdə İmam Zeynul-abidindən (ə) soruşurlar ki, nə üçün gecənin ortasında təhəccud ilə (namaz və dua ilə) məşğul olan insanların siması gözəl (və nurani) olur? İmam Zeynul-abidin (ə) buyurdu: "Çünki onlar öz Allahları ilə xəlvət etmiş və Allah da Öz nurundan onlara bəxş etmişdir."
Bir nəfər Həzrət Əlidən (ə) nə üçün gecə namazı qılmağa müvəffəq ola bilmədiyini soruşur və o həzrət ona cavabda buyurur: "Günahların səni zəncirləmişdir."
Sözün qısası, gecə nafiləsi səadət iksiridir və uca mənəvi məqam sahibləri bu məqamlara gecə namazı və səhər minacatı sayəsində nail olmuşlar. Gecə ibadətinin fəziləti barədə bunu qeyd etmək kifayət edər ki, Mütəal Allah Qurani-Məciddə Həzrət Peyğəmbərə (s) xitabən buyurur: "Gecənin bir hissəsini yuxudan oyan və Quran oxu, (namaz qıl). Bu, sənin əlavə (vacib) vəzifəndir, ta ki, Allah səni sitayiş olunan bir məqama çatdırsın." Bu ayədən məlum olur ki, Həzrət Peyğəmbər (s) də ali mənəvi məqamlara gecə namazı və səhər minacatı ilə nail olmuşdur.
Qütb Ravəndi nəql edir ki, Həzrət Əli (ə) buyurdu: "Üç işi yerinə yetirməklə üç işə tamah salma: çox yeməklə gecə vaxtı oyanmağa, bütün gecəni yatmaqla üzün nurlu olmasına və fasiqlərlə dostluq etməklə dünyada əmniyyətdə olmağa."
Həmçinin Qütb Ravəndi nəql edir ki, İsa (ə) anası öldükdən sonra onu çağırdı və dedi: "Ay ana, mənimlə danış. Dünyaya qayıtmaq istəyirsənmi?" Anası ona cavab verdi: "Bəli, istəyirəm. Bu ümidlə ki, soyuq gecələrdə Allaha namaz qılım və isti gecələrdə oruc tutum. Ey oğlum, bu yol (axirət yolu) qorxuludur."
Burada bir məqama toxunmağı lazımlı hesab edirik və o da bundan ibarətdir ki, bəzi möminlər bir sıra müfəssəl qaydalarına görə gecə namazını qılmağı təxirə salırlar, halbuki, gecə namazını sadə şəkildə və az bir zamanda qılmaq mümkündür. Əsas odur ki, gecənin axırında, səhər çağı yuxudan oyanıb Allah qapısına gedəsən.
GECƏ NAMAZININ VAXTI
Gecə namazının vaxtı gecə yarısından başlanır və sübh azanına qədər davam edir. Gecə namazı sübh azanına nə qədər yaxın vaxtda qılınsa, fəziləti daha da çoxalır. Əgər sübh namazı vaxtı olsa və siz gecə namazının dörd rəkətini qılmış olsanız, qalan dörd rəkətdə təkcə Fatihə surəsini oxuyub gecə namazını tamamlayın.