Din qardaşların üçün dua et, onların adını çəkərək onlar üçün bağışlanma istə.
İmam Sadiq (ə) öz atasından, o da Fatimə-Suğradan, o da İmam Hüseyndən (ə) və o da qardaşı İmam Həsəndən (ə) nəql edir: "Gördüm ki, cümə gecəsi anam Fatimə (s.ə) sübhədək ibadət mehrabında dayanıb rüku və səcdə etdi. Mən eşidirdim ki, o, möminlərin adlarını çəkərək onlar üçün çoxlu dua etdi, lakin özü üçün heç nə istəmədi. Mən anamdan soruşdum: "Nə üçün başqaları üçün dua edirsən, amma özün üçün dua etmirsən?" Anam buyurdu: "Övladım, əvvəlcə qonşu, sonra ev."
Xüsusilə də dünyadan köçmüş din qardaşların üçün dua et. Çünki İmam Sadiq (ə) buyurub ki, hər kim cümə gecəsi dünyadan köçmüş on qardaşına dua etsə, cənnət əhli olar.
Yaxşı olar ki, şeir oxumayasınız. Çünki səhih bir hədisdə İmam Sadiq (ə) buyurub ki, oruc tutmuş şəxsin, ehram halında və Məkkənin hərəmində olan şəxsin şeir oxuması məkruhdur, həmçinin cümə gecəsi və cümə günü şeir oxumaq məkruhdur. Ravi o həzrətdən soruşur: "Haqq (doğru) şeir olsa da?" İmam Sadiq (ə) buyurur: "Haqq (doğru) şeir olsa da."
Bu mövzu barədə olan hədislərin məcmusundan əldə olunur ki, "oxunması məkruh olan şeir", kimisə "həcv etmək", yəni bədnam etməkdən ötrü söylənilən şeirlər, yaxud qeyri-həqiqi eşqlər, gözəl qadınların vəsfi barədə söylənilən və şəhvətpərəstlərin hisslərini oxşayan şeirlərdir. Hədislərdə bu mətləbə dəlalət edən ifadələrə nəzər salaq:
Həzrət Rəsulallahın (s) buyurduğu başqa bir hədisdə bu cümləyə "Həqiqətən hikmətli şeirlər də vardır" rast gəlirik ki, "Şeir İblisdəndir" cümləsindən sonra yer almışdır. Bu cümlə hikmətli şerləri təsdiq edir və belə şeirlərin "Şeir şeytandandır" cümləsinə aid olan şeirlərdən ayrı olduğunu göstərir.
Başqa bir məqam İmam Rzanın (ə) söylədiyi, Əmirəl-möminin Əlidən (ə) nəql olunan şeirlərdir, hətta o həzrətə mənsub şeir divanı da vardır.
Bütun bunları nəzərə alaraq deyə bilərik ki, birinci hədisdə (İmam Sadiqin (ə) hədisində) söylənilməsi məkruh olan "haqq şeir" dedikdə, "yalan olmayan, həqiqət olan" şeirlər nəzərdə tutulur. Yəni ravi soruşur ki, hətta şeir yalan olmasa və məzmunu həqiqətlə üst-üstə düşsə də onu söyləmək və ya oxumaq məkruhdurmu? İmam Sadiq (ə) buyurur ki, bəli, əgər şeirdə hikmət və ülvi hədəf yoxdursa, məzmunu yalan olmasa belə onu söyləmək və ya oxumaq məkruhdur. Yoxsa, necə qəbul etmək olar ki, Əhli-beytin (ə) özünün söylədiyi şeirləri cümə gecəsi və ya cümə günü oxumaq məkruhdur?! Sözümüzə bu hədisi sübut gətirə bilərik:
Kumeytin oğlu (Kumeyt tanınmış Əhli-beyt şairidir) nəql edir ki, atası belə dedi: "Bir gün mən mövlam İmam Baqirin (ə) yanına getmişdim. Ona ərz etdim ki, ey Rəsulallahın övladı, mən sizin barənizdə bir neçə beyt söyləmişəm. İcazə verin, onları oxuyum. O həzrət buyurdu: "Bilirsən ki, indi "əyyamul-beyz"dir." Mən ərz etdim: "Bu şeirlər siz Əhli-beytə aiddir." O həzrət: "Oxu" – deyə buyurdu. Mən bu beytləri oxumağa başladım..."
Məlum məsələdir ki, əyyamul-beyzin əhəmiyyəti cümə günündən az deyildir.