Hər bir insan ziyarətin savabını Peyğəmbəri-Əkrəmə (ə), yaxud məsumlardan hər hansı birinə hədiyyə edə bilər.
Mərhum Şeyx Tusi öz sənədi ilə Davud Sərmidən rəvayət edir ki, İmam Hadiyə (ə) ərz etdim: "Mən sizin əziz atanızı ziyarət etdim və onun savabını sizin üçün qərar verdim. (Bu əməl caizdirmi?)"
Həzrət buyurdu: "Allah tərəfindən sənin üçün böyük mükafat və bizim tərəfimizdən təşəkkür vardır."
Deməli şiələrin İmam Zamanın (ə.f) qeybdə olduğu bir dövrdə yaşadığı indiki zamanda o həzrətin hicran odunda yanırlar, o həzrətin hazır olduğu bir əsrdə deyildirlər və həmişə o həzrətə məxsus olan əzəmətli məkanlara - Müqəddəs Sərdaba, Kufə məscidinə, Səhlə məscidinə, Cəmkəran məscidinə və s. - gedə bilmədikləri üçün digər müqəddəs məkanların ziyarət savabını o həzrətə hədiyyə etməklə bu işin əvəzini çıxa bilərlər. Eləcə də o həzrətə məxsus olan bəzi ziyarətləri hərəmdə və ya başqa ziyarətgahlarda oxumaqla mehriban Allahın dərgahına yaxınlaşa və o həzrətin razılığını cəlb edə bilər.
İndiyə qədər Vəhy Xanədanı dostlarından çoxları Əmirəl-möminin Əlinin (ə) hərəmində, Bəqidə, Kazimeyndə, Samirrada, müqəddəs Məşhəd şəhərlərində İmam Zaman (ə.f) tərəfindən mərhəmətə layiq görülmüş və müxtəlif kitablarda qeyd olunmuşdur.