Böyük və ali məqamlı Şeyx Məhəmməd Həsən Nəcəfi (r.ə) "Cəvahirul-kəlam" kitabında yazır: Bizim zəmanənin bəzi adamları arasında belə bir istixarə var ki, onu mövlamız İmam Zamana (ə.f) mənsub edirlər. O istixarənin qaydası belədir:
Qiraət və duadan sonra təsbehin bir miqdarını götürüb səkkiz-səkkiz sayırsan, əgər biri qalsa, nisbətən yaxşıdır. Əgər ikisi qalsa, bir nəhy vardır. Əgər üç ədəd qalsa, ixtiyar vardır, çünki yerinə yetirmək və tərk etmək bərabər səviyyəlidir. Əgər dörd ədəd qalsa, iki nəhy vardır. Əgər beş ədəd qalsa, bəziləri demişlər ki, çətinliyi və əzab-əziyyəti vardır. Bəziləri isə demişlər ki, o işdə danlaq və məzəmmət vardır. Əgər altı dənə qalsa, çox yaxşıdır və o işdə tələsmək lazımdır. Əgər yeddi dənə qalsa, onun hökmü beş dənə qaldığı zamankı hökmdür. Yəni onun barəsində iki əqidə və iki rəvayət vardır. Əgər səkkiz ədəd qalsa, onda iki nəhy vardır.