EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
AYƏT NAMAZI
Ayət namazının vacib olduğu hallar bunlardır:
1) Günəş tutulması;
2) Ay tutulması; (hətta Günəşin və ya Ayın kiçik bir hissəsi tutulsa və kimsə bundan qorxmasa belə)
3) Zəlzələ; (vacib ehtiyata əsasən, hətta kimsə qorxmasa belə);
4) İldırım, qarayel, qırmızı külək və s. səmavi əlamətlərin təzahürü zamanı insanların böyük bir qismi qorxuya düşdükdə, həmçinin, yer çökməsi, dağ sürüşməsi kimi insanların əksəriyyətini qorxuya salan geoloji hadisələr baş verdikdə, müstəhəb ehtiyata əsasən, ayət namazı qılınmalıdır.
Ayət namazının qılınma qaydası: ayət namazı iki rükətdir, hər rükətində beş rüku vardır və iki qaydada qılına bilər:
Birinci qayda: Niyyətdən sonra təkbirət əl-ehram demək, bir dəfə Fatihə surəsini və başqa bir bütöv surəni oxumaq, rükuya getmək və rükudan qalxdıqdan sonra təkrarən Həmd və daha bir bütöv surəni oxumaq, sonra yenidən rükuya getmək və bunu beş dəfə təkrarlamaq, beşinci rükudan qalxdıqdan sonra isə iki səcdə etmək, daha sonra ayağa qalxaraq ikinci rükəti də birinci rükət kimi qılmaq, sonda təşəhhüd oxumaq və salamı demək lazımdır.
İkinci qayda+E38168: Niyyət, təkbirət əl-ehram və Fatihə surəsini oxuduqdan sonra bir surənin ayələrini beş yerə bölmək və hər rükudan öncə bir ayə və ya daha artıq hissəni oxumaq lazımdır. Rükulardan öncə bir bütöv ayənin bir hissəsini də oxumaq olar, ancaq lazım ehtiyata əsasən, həmin hissə bitkin mənalı cümlə olmalıdır. Həmçinin, vacib ehtiyata əsasən, surənin əvvəlindən başlamaq, habelə, lazım ehtiyata əsasən, ilk rükudan öncə "Bismillahir-rəhmanir-rəhim" deməklə kifayətlənməmək lazımdır. Qeyd edilən məqamları nəzərə alaraq ayəni oxuduqdan sonra rükuya getmək, sonra rükudan qalxaraq Fatihə surəsini oxumadan, həmin surənin ikinci hissəsini oxuyub yenə rükuya getmək və bu minvalla beşinci rükuyadək surəni başa çatdırmaq lazımdır.
Məsələn, Fatihə surəsindən sonra Qədr surəsini oxumaq istəyən şəxs belə etməlidir: Niyyət, təkbirət əl-ehram və mübarək Fatihə surəsini oxuduqdan sonra: "Bismillahir-rəhmanir-rəhim. İnna ənzəlnahu fi ləylətil-qədr", – deməlidir. Sonra rükuya getməli və ardınca ayağa qalxaraq: "Və ma ədrakə ma ləylətul-qədr", – deməlidir. Sonra yenidən rükuya getməli və rükudan sonra ayağa qalxaraq: "Ləylətul-qədri xayrun min əlfi şəhr", - deməlidir. Sonra yenə də rükuya getməli və rükudan qalxaraq: "Tənəzzəlul-məlaikətu vər-ruhu fiha biizni rəbbihim min kulli əmr", - deməlidir. Daha sonra rükuya getməli və ayağa qalxaraq: "Səlamun hiyə hətta mətləil-fəcr", - deməlidir. Bundan sonra beşinci rükuya getməli və başını qaldırdıqdan sonra iki səcdə etməli, ikinci rükəti də birinci rükət kimi qılmalı və onun ikinci səcdəsindən sonra təşəhhüd oxuyaraq namazın salamını deməlidir.