CƏMADİUL-ƏVVƏLİN ON ÜÇÜ, ON DÖRDÜ VƏ ON BEŞİ
Məşhur rəvayətə əsasən, 13, 14 və 15 cəmadiul-əvvəl xanımlar-xanımı Fatimə-Zəhranın (s.ə) şəhadət günləridir (hicri-qəməri 11-ci ildə). Çünki, bir sıra mötəbər rəvayətlərə əsasən, o xanım atasından sonra cəmi yetmiş beş gün ömür sürmüşdür. Nəzərə alsaq ki, Həzrət Rəsulallah (s) səfər ayının 28-i vəfat etmişdir, onda bu xanım qeyd etdiyimiz bu üç gündən birində (ortada olan ayların bütöv və ya naqis olma ehtimalını nəzərə alaraq) vəfat etmişdir. Əziz İslam peyğəmbərinin (s) təbiri ilə "yer üzünə gəlmiş və gələcək xanımların sərvəri" bu xanımın hüzn mərasimi layiqli şəkildə təşkil olunmalıdır. Mərasimlərdə onun fəzilətləri və həyatı barədə geniş söhbətlər etmək, xüsusilə də, söylədiyi iki tarixi xütbəsini açıqlamaq tövsiyə olunur. Belə ki, bu söhbətlərdə o böyük və ilahi şəxsiyyəti yaxından tanımaqla həyat örnəklərimizə daha bir örnək əlavə etmiş olarıq. Bu günlərdə o xanımın ziyarətnaməsini oxumaq da bəyənilən əməllərdəndir.
Bəzi rəvayətlərə əsasən, cəmadiul-əvvəlin 15-i İmam Zeynul-abidinin (ə) mövlud günüdür. Odur ki, həmin gün oruc tutmaq, ehsan və xeyriyyəçilik etmək tövsiyə olunur.