EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
İmam Hüseyni (ə) ziyarət etməyin fəzilətləri barədə saysız hədislər vardır. Biz isə burada həmin hədislərdə bəyan olunan o böyük fəzilətlərin yalnız bir qismini sizin nəzərinizə çatdıracağıq. Bu xüsusda bizim istinad mənbəyimiz şiə alimlərinin etimad etdikləri ən mühüm mənbələrdən olan "Kamiluz-ziyarat" kitabıdır. (Bu kitab, hədis ravisi və böyük fəqih, sədaqət və əmanət sahibi mərhum Şeyx Səduqun (r.ə) və böyük alimlərdən, o cümlədən Cəfər ibn Məhəmməd ibn Quləvəyhin əsəridir.)
Kamiluz-ziyarat kitabı 108 fəsildən (bölümdən) ibarətdir ki, onun 83 fəsli İmam Hüseynin (ə) və onun bəzi silahdaşlarının fəzilətlərinin bəyanına həsr olunmuşdur. Bu 83 fəsildə 560-dan çox hədis vardır ki, burada biz təkcə o həzrəti ziyarət etməyin fəzilətləri barədə olan hədislərdən bir neçəsini sizin nəzərinizə çatdıracağıq:
1. Hər bir müqərrəb mələk və mürsəl (göndərilmiş) peyğəmbər Allahdan ona İmam Hüseyni (ə) ziyarət etmək izni verməsini istəyər. Odur ki, peyğəmbərlərin ruhları və mələklər (asimandan) dəstə-dəstə enib və qalxarlar.
2. Hər gecə yetmiş min mələk asimandan yerə enir və Allahın evini təvaf etdikdən, Həzrət Peyğəmbərin (s) və Əmirəl-mömininin (ə) qəbrini ziyarət etdikdən sonra İmam Hüseynin (ə) qəbrinin ziyarətinə yollanırlar. Onlar günəş doğmamışdan qabaq asimana qalxırlar.
3. İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətin belə buyurduğunu nəql edir: "Rəsulallah (s), Əli (ə), Fatimə (s.ə) və bütün İmamlar (ə) İmam Hüseynin (ə) zəvvarı üçün dua edirlər." Həmçinin o nəql edir ki, günlərin birində mən o həzrətin yanına getdim və gördüm ki, o, Allahla minacat edir, səcdədə bu duanı oxuyur... (İmam Hüseynin (ə) zəvvarının haqqı barədə olan böyük mənaya malik bir duadır və "Kamiluz-ziyarat"da qeyd olunmuşdur.) Başını səcdədən qaldırdıqda buyurdu: "Asimanlarda İmam Hüseynin (ə) zəvvarı üçün dua edənlər yerdə onun üçün dua edənlərdən çoxdur." Yenə də o nəql edir ki, o həzrət buyurdu: "İstəmirsənmi ki, dünyadan günahsız halda gedənlərdən olasan? İstəmirsənmi ki, Rəsulallahın əl-ələ görüşdüyü kəslərdən olasan?" (Odur ki, İmam Hüseynin (ə) ziyarətini yaddan çıxartma.)
4. Allah-Təala minlərlə mələyi İmam Hüseynin (ə) qəbrinə məmur təyin etmişdir. Onlar İmam Hüseynin (ə) ziyarətinə gələn hər bir zəvvarı qarşılayar və o həzrətlə vidalaşan hər bir zəvvarı yola salarlar. Həmçinin xəstələnən hər bir zəvvara baş çəkər və dünyasını dəyişən hər bir zəvvara meyit namazı qılıb ölümündən sonra ona bağışlanma diləyərlər. Başqa bir hədisə istinadən əgər zəvvar səfərdə dünyasını dəyişərsə, mələklər ona meyit qüslü verər və cənnətin qapıları onun üzünə açılar.
5. Allah-Təala yetmiş min mələyi İmam Hüseynin (ə) qəbrinə məmur təyin etmişdir. Onlar burada Allaha ibadətlə məşğul olarlar. Onların bir namazı insanların min namazına bərabərdir. Mələklərin qıldıqları namazların savabı İmam Hüseynin (ə) zəvvarına yazılar.
6. Hər kim İmam Hüseynin (ə) qəbri kənarında iki rəkət namaz qılıb Allahdan öz diləyini diləsə, həyata keçər. Əgər o, İmam Hüseyni (ə) ziyarət etmək üçün Fərat çayında qüsl edərsə, bütün günahları tökülər, eynilə anadan gələn körpə kimi günahsız olar. Hər kim İmam Hüseyni (ə) ziyarət etmək yolunda yardım etsə və bir kəsin yol xərcini ödəsə, hər dirhəmin əvəzində Allah ona neçə bərabərini əta edər, ona gələn bəlaları ondan uzaqlaşdırar və mal-mülkünü qoruyar.
7. İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətin belə buyurduğunu nəql edir: "Hər kim İmam Hüseynin (ə) qəbrinin ziyarətinə getsə, Rəsulallahla (s) və bizimlə sileyi-rəhm etmişdir. Bu şəxsin dalınca qeybət etmək haramdır. Həmiçinin onu əti cəhənnəm oduna da haramdır. Allah onun ehtiyaclarının təmin olunmasında və (vətənində) qoyduğu (mal-mülkünün, övlad və yoldaşının) mühafizəsində ona dayaqdır. Allahdan dilədiyi hər bir dilək tez ya gec həyata keçər". Başqa bir hədisə istinadən xərclədiyi hər dirhəmin əvəzində on min dirhəmin savabı ona yazılar. O, öz əhli-əyalının yanına günahlardan təmizlənmiş bir halda dönər. Digər bir hədisdə də qeyd olunur ki, hər şeydən daha yaxşı olan Allahın razılığı, Məhəmmədin (s) və Əmirəl-mömininin (ə) duası ona şamil olar.
8. Hər kimin İmam Hüseyni (ə) ziyarət etmək imkanı olsa, amma (heç bir üzr olmadan) ziyarətə getməsə, Rəsulallahla (s) və bizimlə müxalifət etmişdir. O, "həsrət günü"nün həsrətinə düçar olar.
9. Buşeyr ibn Dəhan İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "İmam Hüseynin (ə) qəbrinin ziyarətinə gedən zəvvar ilk addımlarını atdığı və əhli-əyalından ayrıldığı andan etibarən günahları bağışlanmağa başlanır. Beləcə, hər addımı atdıqca günahlardan təmizlənir, ta o həzrətin qəbrinə çatır. O pak qəbrin kənarına çatdıqda Mütəal Allah buyurur: "Ey mənim bəndəm, Məndən dilə ki, sənə əta edim. Dua et ki, qəbul edim." Allah onun bu yolda xərclədiklərini özünə qaytarmağı öhdəsinə götürmüşdür." Başqa bir hədisdə buyurulur: Allah-Təala İmam Hüseynin (ə) qəbrinə mələklər məmur təyin etmişdir. Hər kim o həzrətin qəbrini ziyarət etməyi qərara alarsa, Allah onun günahlarını həmin mələklərə tapşırır. Bu şəxs bir addım atdıqda mələklər onun günahlarını məhv edir, digər bir addımı atdıqda onun xeyir əməllərini, savablarını artırır. Beləcə, onun savabları artır və Cənnət ona vacib olur. Sonra mələklər onu əhatəyə alır və təqdis edirlər (müqəddəs tuturlar). Asimanın mələkləri nida edir: "Rəsulallahın (ə) sevimlisini ziyarət edəni təqdis edin!" Zəvvar qüsl etdikdə Həzrət Məhəmməd (s) ona nida edir: "Ey ilahi müsafir! Cənnətdə mənimlə dostluq sizə müjdə olsun!" Sonra Əmirəl-möminin (ə) ona nida edir: "Mən dünya və axirətdə sizin diləklərinizin həyata keçməsinə və bəlaların sizdən uzaqlaşmasına zaminəm." Sonra Rəsulallah (s) sağdan və soldan onunla görüşür, ta ki zəvvar o həzrətin müşayiəti ilə öz ailəsinin yanına qayıdır.
XATIRLATMA:
Məlum məsələdir ki, bu böyük savablar İmam Hüseynin (ə) haqqını tanıyan, o həzrətin hansı hədəf üçün qiyam edib şəhid olduğunu bilən, həmçinin ziyarət əsnasında o həzrətlə əhd-peymanı təzələyib onun hədəfini izləyən, ziyarətnamələrin əhatə etdiyi mənaları öz vücudunda yaradan və o həzrətin qəbri kənarından yeni bir ruhiyyə ilə ayrılan zəvvarlara aid olacaqdır. Bu səbəbdəndir ki, İbn Abbasın "İmam Hüseynin (ə) ziyarəti və onun böyük savabları" barədə Həzrət Rəsulallahdan (s) nəql etdiyi hədisin əvvəlində "arifən bi-həqqihi" (onun haqqını tanıyan) ifadəsi gözə dəyir.