EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT RƏSULALLAHI (S) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
Mədinədə Həzrət Rəsulallahın (s) qəbrini ziyarət etmək, xüsusilə də Allah evi zəvvarlarının Peyğəmbərin (s) qəbrini ziyarət etməsi təkid olunmuş müstəhəb bir əməldir. O həzrəti ziyarət etməyin savabı barədə çoxlu hədislər vardır. Onlardan bir neçəsinə nəzər salaq:
1. İmam Sadiq (ə) buyurmuşdur: "İmam Hüseyn (ə) Həzrət Rəsulallahdan (s) soruşdu: "Sizi ziyarət edənin mükafatı nədir?" O həzrət buyurdu: "Övladım, hər kim sağlığımda və ya ölümümdən sonra məni ziyarət edərsə, yaxud atanı, qardaşını və səni sağlığınızda və ya ölümünüzdən sonra ziyarət edərsə, mənim boynuma haqq düşür ki, Qiyamət günü günahlarından xilas etmək üçün onu ziyarət edim".
2. Bir sıra hədislərdə buyurulur ki, kim xalis niyyətlə Həzrət Rəsulallahın (s) qəbrinin ziyarətinə gedərsə, Qiyamət günü o həzrət ona şəfaətçi olar və inşaallah həmin şəxs Cənnətə daxil olar.
3. Həzrət Rəsulallahın (s) qəbrini ziyarət etmək o həzrətlə yerinə yetirilən qəbul olunmuş həccə bərabərdir.
4. Həzrət Rəsulallah (s) buyurub: "Kim məni sağlığımda və ya ölümümdən sonra ziyarət edərsə, Qiyamət günü mənim qonşuluğumda, kənarımda olar".
5. Həzrət Rəsulallah (s) buyurub: "Mənim evimlə minbərim arasında cənnət bağlarından biri yerləşir..."
6. Mərhum Səduq Əmirəl-möminin Əlinin (ə) belə buyurduğunu nəql edir: "Həccinizi Rəsulallahın (s) ziyarəti ilə kamil edin, çünki onun ziyarətini tərk etmək vəfasızlıq və ədəbə ziddir".