Əbu Cəfər Məhəmməd ibni Cərir Təbəri "Musnədi Fatimə (s.ə)" kitabında yazır:
Əbu Hüseyn Katib deyir: Əbu Mənsurun vəzirinin tərəfindən bir işə məmur olundum. Bu məmuriyyət əsnasında mənimlə onun arasında ixtilaf baş verdi. İş o yerə çatdı ki, mən onun qorxusundan gizləndim və məxfi şəkildə yaşamağa başladım. O məni axtarır və daim təhdid edirdi. Bir müddət məxfi şəkildə, qorxu və vəhşət içində keçirtdim. (Mənə baş verən qorxu və vəhşətlər nəticəsində) qərara aldım ki, cümə gecəsi həzrət İmam Kazimın (ə) müqəddəs hərəminə gedəm və orada dua oxuyub, raz-niyaz edəm. Mütəhhər hərəmə daxil oldum. Tufanlı bir gecə idi, yağış da yağırdı. Hərəmin xidmətçisi İbni Cəfərdən xahiş etdim ki, mübarək rovzənin qapılarını bağlasın ki, hərəm tamamilə sakit olduğu bir vaxtda, gecə qaranlığında istədiyimi dua edə bilim, həmçinin qorxduğum məmurların gəlişindən də amanda olum. O mənim xahişimi qəbul edərək hərəmin qapılarını bağladı.
Gecə yarısı şiddətli yağış yağmağa, tufanlı yel əsməyə başladı, get-gedə camaatın gediş-gəlişi azalmağa başladı. Hərəm tamamilə sakit olduğu zaman raz-niyaza başladım, dua etdim, ziyarət oxudum və namaz qıldım. Həmin halda gözlənilmədən mütəhhər rovzənin kənarından ayaq səslərini eşitdim. Sonra gördüm ki, bir nəfər ziyarətlə məşğuldur, öz ziyarətində həzrət Adəmə, ulul-əzm peyğəmbərlərə salam göndərdi. Sonra imamların hər birinə tək-tək salam göndərdi, nəhayət İmam Zamanın (ə.f) mübarək adına çatdı, lakin onu dilinə gətirmədi.
Məm onun bu əməlindən heyrətdə qaldım, öz-özümə dedim: Bəlkə unutmuşdur, yaxud onu tanımır, yaxud da bu şəxsin məzhəbi belədir. Ziyarəti qurtardıqdan sonra iki rəkət namaz qıldı, mövlamız İmam Cavadın (ə) pak qəbrinə tərəf getdi, oranı da həmin qaydada ziyarət edib, salam verdi və iki rəkət namaz qıldı. Mən onu tanımadığıma görə ondan qorxurdum. O kamal həddində bir cavan idi; ağ paltar geymiş, təhtul-hənəkə malik olan bir əmmamə qoymuş, çiyninə bir əba atmışdı. Mənə üz çevirib buyurdu: "Ey Əba Hüseyn, nə üçün fərəc duasını oxumursan?" Ərz etdim: "Fərəc duası hansıdır, ey mənim mövlam?!"
Buyurdu: İki rəkət namaz qılıb sonra bu duanı oxuyursan:
Bundan sonra sol üzünü yerə qoyub yüz dəfə de (yaxud daha artıq təkrarla):
«اَدْرِكْني»
Bundan sonra nəfəsin qurtarana qədər bu zikri təkrarla:
«اَلْغَوْثَ [الْغَوْثَ] الْغَوْثَ»
Başını səcdədən götürdüyün zaman Allah Öz kərəmi ilə sənin hacətini rəva edəcəkdir. İnşaallah!
Mən namaz qılıb dua etməyə başladım, bu zaman o mütəhhər hərəmdən çıxdı. Namazı və duanı tamamladım, İbni Cəfərin yanına getdim ki, bu şəxsin kim olduğunu soruşam və hərəmə necə daxil olduğunu biləm. Gördüm ki, bütün qapılar bağlı və qıfıllanmışdır. Təəccübə daldım, öz-özümə dedim ki, bəlkə o burada yatmışdır və mən bilmirdim. İbni Cəfərin yanına getdim. O, rovzənin çıraqlarının yağı saxlanılan yerdən çıxdı, hadisəni ona danışdım. O dedi: "Gördüyün kimi qapılar bağlıdır." Baş verən hadisəni ona danışdıqda dedi: "O bizim mövlamız həzrət İmam Zaman (ə.f) imiş, mən dəfələrlə belə gecələrdə camaatın olmadığı zaman onu müşahidə etmişəm."
Mən əldən verdiyim şeylərə təəssüfləndim, sübh açılan zaman hərəmdən çölə çıxıb gizləndiyim yerə doğru getdim. Hələ günorta olmamışdı ki, Əbu Mənsurun mənimlə dost olan məmurları mənimlə görüş üçün axtarış aparırdılar. Onlar vəzirin tərəfindən mənim üçün bir amannamə gətirmişdilər ki, onun əlyazması ilə yazılmışdı. Vəzir o məktubda yaxşılıqdan xəbər verirdi. Dostlarımdan əmanətdar bir şəxslə vəzirin yanına getdim. O, ayağa qalxıb məni qucaqladı. Onun mənə qarşı etdiyi bu rəftarın misli görünməmişdi. Sonra mənə üz tutub dedi: "İşin o yerə çatıb ki, məndən Sahibəz-Zamana (ə.f) şikayət edirsən?" Dedim: "Mən sadəcə bir dua və istək etmişdim." Dedi: "Vay olsun sənə! Dünən gecə - cümə gecəsi - yuxuda mövlam Sahibəz-Zamanı (ə.f) gördüm. O mənə yaxşı işlər görməyi əmr etdi və bu barədə mənə qarşı elə qeyzlə baxdı ki, mən qorxdum." Mən (təəccüblə) dedim: "Lə iləhə illəllah! Şəhadət verirəm ki, onlar haqladır və haqla sona çatırlar. Keçən gecə mən mövlamı ayıqlıqda ziyarət etdim, mənə filan-filan göstərişləri verdi." Sonra İmam Kazimin (ə) hərəmində görüşlərimi onun üçün bəyan etdim.
O bu hadisədən təəccübləndi, mənim barəmdə çox böyük yaxşılıqlar etdi, onun nahiyəsindən elə bir məqama təyin olundum ki, ora çatacağımı heç vaxt güman etməzdim. Bu da mövlamız Sahibəz-Zamanın (ə.f) bərəkətindən idi.