ZİL-HİCCƏ AYININ FƏZİLƏTİ
Zil-hiccə ayı hicri-qəməri təqviminin sonuncu ayıdır. Bu ay bəkərətli bir aydır və böyük din alimləri bu ayın ibadətinə, xüsusilə də ayın ilk on gününün ibadətinə xüsusi əhəmiyyət veriblər. Bəzi hədislərdə vurğulanır ki, Quranda sözügedən "on gecə" (Fəcr surəsində) – belə ki, bu gecələrə and içilir – zil-hiccə ayının ilk on gününün gecəsidir və ona and içilməsi onun əzəmətinə görədir.
Allah-Təala "Həcc"surəsinin 28-ci ayəsində həcc fərizəsini bəyan edərkən "əyyəmun məlumat"dan söz açır və vurğulayır ki, möminlər bu günlərdə Allahı yad etməklə məşğul olmalıdırlar. Məşhur bir təfsirdə, həmçinin rəvayətlərdə qeyd olunur ki, "əyyəmun məlumat" zil-hiccə ayının ilk on günüdür. Buna görə də həm bu on günün gündüzləri, həm də gecələri fəzilətlidir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurur ki, bu günlərdə (zil-hiccə ayının ilk on günü) yerinə yetirilən ibadət və xeyir əməl digər günlərdəkindən fəzilətlidir.
Bu ayda İslamın iki mühüm və böyük bayramı – Qurban və Qədir-xum bayramlarının olması, Ərəfə günü İmam Hüseynin (ə) Ərəfatda etdiyi dua bu aya xüsusi bir əzəmət vermişdir. Əziz möminlərə, xüsusilə də gənclərə tövsiyəmiz budur ki, bu ayın fəzilətindən qafil olmasınlar və öz mənəviyyatlarını zənginləşdirməyə, özlərini islah etməyə çalışsınlar, inşaallah mühüm mənəvi dərəcələrə nail olarlar.