RƏBİUL-ƏVVƏLİN ON YEDDİNCİ GECƏSİ
Şiənin məşhur nəzərinə görə bu gecə böyük İslam peyğəmbərinin (s) mübarək doğum gecəsidir. Həmçinin, hicrətdən bir il öncə Həzrət Rəsulallah (s) belə bir gecədə Meraca getmişdir.
RƏBİUL-ƏVVƏLİN ON YEDDİNCİ GÜNÜ
Qeyd etdiyimiz kimi, şiə alimlərinin nəzərincə 17 rəbiul-əvvəl İslam peyğəmbəri Həzrət Məhəmməd ibn Abdullahın (s) səadətli doğum günüdür. Tarixə istinadən, o həzrət Məkkə şəhərində "amul-fil" ilində cümə günü şəfəq doğan vaxtı dünyaya gəlmişdir. (Amul-fil ili həmin ildir ki, Əbrəhə filə süvar olub Kəbə evini viran etmək üçün Məkkəyə həmlə edir, lakin qoşunu ilə birlikdə həlak olurlar.) Həmçinin hicri-qəməri 83-cü ildə belə bir gündə İmam Sadiq (ə) dünyaya göz açmışdır. Bu səbəbdən də 17 rəbiul-əvvəl xeyir-bərəkətli bir gündür. Rəbiul-əvvəl ayı İmam Həsən Əskərinin (ə) üzücü şəhadəti ilə başlansa da, Həzrət Rəsulallahın (s) və İmam Sadiqin (ə) mübarək mövludu bu ayda olduğu üçün onu sevinc ayı kimi qəbul edə bilərik. İslam dünyasında böyük dəyişikliklərin başlanğıcı olan və müsəlmanlara şövkət bəxş edən hicrət hadisəsi, həmçinin "ləylətul-məbit" hadisəsi, atasının şəhadəti ilə eyni vaxtda İmam Zamanın (ə.f) imamlıq dövrünün başlanması bu aya təsadüf etdiyi üçün rəbiul-əvvəl ayı olduqca mübarək və xatirələrlə dolu bir aydır. Əhli-beyt aşiqlərinə bu aya xüsusi əhəmiyyət vermək tövsiyə olunur. Bu gündə bir sıra əməlləri yerinə yetirmək bəyənilir:
1. Qüsl etmək: bu günün qüslünün niyyətini et;
2. Oruc tutmaq: bu gündə oruc tutmağın böyük savabı vardır. Hədislərin birində oxuyuruq ki, hər kim bu gündə oruc tutsa, Allah ona bir ilin orucunun savabını yazar.
3. Sədəqə vermək, ehsan etmək və möminləri sevindirmək, həmçinin müqəddəs ziyarətgahlara getmək; Bu gündə Əmirəl-möminin Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Bunun üçün İmam Sadiqin (ə) bu gündə o həzrətin qəbri kənarında oxuduğu ziyarəti oxuyun (bu ziyarəti "Həzrət Rəsulallahın (s) mövlud günündə İmam Əlinin (ə) ziyarəti" adı altında qeyd etmişik).
4. Həzrət Rəsulallahı (s) uzaqdan və yaxından ziyarət etmək: hədislərin birində o həzrət buyurur: "Hər kim mən vəfat etdikdən sonra qəbrimi ziyarət edərsə, eynilə mən həyatda ikən mənim görüşümə gələn şəxs kimidir. Əgər məni yaxından ziyarət edə bilmirsə, elə uzaqdan mənə salam desin, (çünki bu salam mənə çatır)."
5. Günün əvvəlində iki rəkət namaz qılmaq və hər bir rəkətdə bir dəfə Fatihə surəsini, on dəfə Qədr surəsini və on dəfə İxlas surəsini demək tövsiyə olunur. Namazı bitdikdən sonra aşağıdakı cümlə ilə başlayan duanı oxumaq tövsiyə olunur:
Bu duanı "Zad əl-Məad" kitabında tapa bilərsiniz.
6. Bu günü böyük təntənə ilə qeyd etmək bəyənilir. Seyid İbn Tavus "İqbal" kitabında tövsiyə edir ki, bu gün məxluqatın ən şərəflisi Həzrət Rəsulallahın (s) mövlud günü olduğu üçün onu böyük təntənə ilə qeyd edin. Odur ki, müsəlmanlar həmin gündə mərasimlər təşkil edib o həzrətin böyük şəxsiyyəti, həyatı və xidmətləri ilə tanış olsunlar, İslam cəmiyyəti qurmaq üçün onu öz həyatlarında örnək tutsunlar.