XANIM FATİMƏ-ZƏHRANIN (Ə) PAK QƏBRİNİN YERİ
1. Əbul-Həsən İbrahim ibn Məhəmməd Həmdani deyir: "İmam Hadiyə (ə) bir məktub yazıb ondan Xanım Fatimənin (s.ə) qəbrinin yerini deməsini istədim. O həzrət cavab məktubunda mənə yazdı: "O, cəddim Rəsulallahla (s) bir yerdədir."
2. Mərhum Səduq deyir: "Mənim nəzərimdə düzgün olan budur ki, o xanım öz evində dəfn olunub və Məscidun-nəbi Bəni-Uməyyə tərəfindən genişləndirildikdən sonra o xanınım qəbri məscidin daxilində yerləşdi". Mərhum Əllamə Məclisi də deyir: "Aydın olan budur ki, o xanım öz evində dəfn olunmuşdur." Belə başa düşülür ki, bu nəzər İmam Rzanın (ə) dostlarından birinin nəql etdiyi rəvayətə əsaslanır. O deyir: "Mən İmam Rzadan (ə) Xanım Fatimənin (s.ə) qəbrinin yerini soruşdum. O buyurdu: "O, öz evində dəfn olunubdur. Bəni-Uməyyə Məscidun-nəbini genişləndirdikdən sonra, onun qəbri məscidin daxilində qərar tutdu".
Beləliklə, hər kim Rəsulallahın (s) qəbrinin yaxınlığında və qəbrin yerləşdiyi otaqda dayanıb o xanımı ziyarət etsə, inşaallah onun ziyarəti savabını əldə edər. Əlbəttə, Bəqi məzarlığında da "qəsdi-rəca" ilə (savaba ümid niyyətilə) o xanımı ziyarət etmək olar.