BƏRASA MƏSCİDİNİN FƏZİLƏTİ
Bərasa məscidi məşhur və mübarək məscidlərdən biridir, Bağdadla Kazimeyn arasında zəvvarın yolu üstündə yerləşir. Şərafətli və fəzilətli bir məscid olmasına baxmayaraq, adətən zəvvarlar ona diqqət yetirmir və fəzilətindən məhrum qalırlar. Hicri-qəməri 626-cı ilin tarixçilərdən olan Həməvi "Mu'cəmul-buldan" kitabında yazır: "Bərasa Bağdad şəhəri salınmazdan öncə bir kənd idi. Oranın camaatının dediyinə görə İmam Əli (ə) Nəhrəvan Xəvaricləri ilə döyüşə gedərkən bu kənddən keçmiş, sözügedən məsciddə namaz qılmış və kəndin hamamında hamamlanmışdır. Bərasaya mənsub olan şəxslərdən biri də abid Əbu Şueyb Bərasidir. O, Bərasada qamışdan koma tikib orada məskunlaşan və Allaha ibadətlə məşğul olan ilk şəxsdir. Bu səbəbdən də şiələr bu məscidə böyük əhəmiyyət verirlər."
Bizim etimad etdiyimiz isə Əllamə Məclisinin "Biharul-ənvar"da bu məscidin fəziləti və tarixi barədə nəql etdiyi rəvayətlərdir. Həmin rəvayətlərin məcmusundan aşağıdakı mətləblər əldə olunur:
1. Bu məkan Xanım Məryəmin (ə) və Həzrət İsanın (ə) yaşadığı məntəqə olmuşdur;
2. Əmirəl-möminin (ə) burada möcüzəvi şəkildə bir çeşmə zahir etmişdir;
3. Əmirəl-möminin Əli (ə) Nəhrəvandan qayıdarkən burada bir neçə gün qalmışdır;
4. Burada İsa peyğəmbərdən (ə) əvvəlki peyğəmbərlər, o cümlədən İbrahim Xəlilullah (ə) namaz qılmışdır;
5. Burada bir rahib öz ibadədgahında Əmirəl-möminin Əlini (ə) müşahidə edir və onun möcüzələrini görüb müsəlman olur;
6. Bir rəvayətə görə bu məkanda bir peyğəmbərin qəbri yerləşir. Mərhum Mühəddis Qummi deyir: "Ola bilsin ki, bu peyğəmbər Həzrət Yuşədir".
Əllamə Məclisi bu rəvayətləri nəql etdikdən sonra yazır: "Bu məscid hal-hazırda qalmaqdadır və Bağdad-Kazimeyn yolunun ortasına yaxındır. Bu məsciddə namaz qılmaq və dua etmək müstəhəbdir "