İMAM RZANI (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
İmam Rzanı (ə) ziyarət etməyin çox böyük fəzilətləri vardır. Biz burada həmin fəzilətləri bəyan edən hədislərin yalnız bir neçəsini qeyd edə biləcəyik. Amma ilk öncə Xorasana səfəri boyunca o həzrətdən görünən kəramətlərin bir neçəsini nəzərinizə çatdırmağı məqsədəuyğun hesab edirik.
İbn Tavus nəql edir: Məmun İmam Rzanı (ə) Mədinədən Xorasana çağırtdırdıqda o həzrət Mədinədən Bəsrəyə tərəf hərəkət etdi. Kufəyə daxil olmadan Kufə yolu ilə Bağdada, oradan da Quma daxil oldu. Qum əhalisi o həzrətin pişvazına çıxdılar. Hər kəs istəyirdi ki, İmam (ə) onun evində qonaq qalsın. Buna görə Qum əhalisi arasında çəkişmə yarandı. İmam Rza (ə) buyurdu: "Bu işə mənim dəvəm məmur edilib, yəni o harada yerə yatsa, mən orada qonaq qalacağam." İmamın (ə) dəvəsi hərəkət edib bir nəfərin qapısı ağzında yerə yatdı. Həmin şəxs isə o gecə yuxuda görmüşdü ki, İmam Rza (ə) sabah onun qonağı olacaqdır. Beləliklə, İmam Rza (ə) o evə daxil oldu. Az bir müddət sonra həmin məkan dəyərli bir məkana çevrildi. Hal-hazırda isə Qumun dini elmlər hövzələrindən biri burada yerləşir (Rəzəviyyə mədrəsəsi).
Şeyx Səduq öz sənədi ilə İshaq ibn Rahviyədən nəql edir ki, o dedi: İmam Rza (ə) Nişapura daxil oldu və oradan hərəkət etmək istədikdə hədis raviləri o həzrətin yanına gəlib ərz etdilər: "Ey Rəsulallahın övladı, bizim yanımızdan gedirsən, amma bizim faydalana biləcəyimiz bir hədis buyurmursan?" İmam Rza (ə) başını kəcavədən çıxarıb buyurdu: "Mən atam Musa ibn Cəfərdən (ə) eşitdim ki, buyurdu; Mən atam Cəfər ibn Məhəmməddən (ə) eşitdim ki, buyurdu; Mən atam Məhəmməd ibn Əlidən (ə) eşitdim ki, buyurdu; Mən atam Əli ibn Hüseyndən (ə) eşitdim ki, buyurdu; Mən atam Hüseyn ibn Əlidən (ə) eşitdim ki, buyurdu; Mən atam Əmirəl-möminin Əli ibn Əbu Talibdən (ə) eşitdim ki, buyurdu; Mən Rəsulallahdan (s) eşitdim ki, buyurdu; Mən Cəbraildən eşitdim ki, buyurdu; Mən İzzətli və Cəlalətli Allahdan eşitdim ki, buyurdu: "Lə iləhə illəllah" Mənim möhkəm qalamdır. Hər kim bu qalaya daxil olarsa, Mənim əzabımdan amanda qalacaqdır." İmam Rza (ə) bu hədisi bəyan etdikdən sonra hərəkət etdi. Dəvə yol gedə-gedə o həzrət başını bir daha kəcavədən çıxarıb buyurdu: "Bunun şərtləri vardır. O şərtlərdən biri də mənəm."
Əba Səlt nəql edir ki, İmam Rza (ə) Məşhəd ətrafında yerləşən "Qırmızı kənd"ə çatdıqda o həzərtə ərz etdilər: "Ey Rəsulallahın (s) övladı, zöhr olub, namaz qılırsınızmı?" O həzrət dəvədən endi və su istədi. Əzr etdilər ki, su yoxdur. İmam (ə) əli ilə yeri qazdı və yerdən su qaynamağa başladı. O qədər su çıxdı ki, İmamın (ə) özü və yol yoldaşlarının hamısı dəstəmaz aldılar. Həmin su çeşməsi indi də qalmaqdadır.
O həzrət Sənabada daxil olduqda daş qazanlar yonulan bir dağa söykəndi və əzr etdi: "Ey Allahım, bu dağa və bu dağdan yonulan qabların içərisinə qayulanlara xeyir-bərəkət ver." Sonra göstəriş verdi ki, onun üçün bu dağdan qazanlar yonsunlar və onun yeməklərini yalnız bu qazanlarda bişirsinlər. O vaxtdan etibarən camaat öz qazan və qablarını bu dağdan yonur, bərəkət tapırlar.
Bu qısa müqəddimədən sonra İmam Rzanı (ə) ziyarət etməyin fəziləti barədə olan hədislərin bir neçəsinə nəzər salaq:
1. Rəsulallah (s) buyurmuşdur: "Tezliklə mənim canımın bir parçası Xorasanda dəfn ediləcəkdir. Onu ziyarət edən hər möminə Allah-Təala Cənnəti vacib edər və onun bədəninə cəhənnəm odunu haram edər."
2. Başqa bir hədisdə Rəsulallah (s) buyurmuşdur: "Mənim canımın bir parçası Xorasanda dəfn ediləcəkdir. Onu ziyarət edən hər bir qəm-qüssəli insanın Allah-Təala qəm-qüssəsini aradan aparar. Onu ziyarət edən hər bir günahkarın Allah-Təala günahlarını bağışlayar."
3. İmam Rzanın (ə) özü buyurmuşdur: "Xorasanda bir gümbəz vardır. Vaxt gələcək ora mələklərin gəliş-gediş yeri olacaqdır: İsrafilin suru çalınanadək daim bir dəstə mələk asimandan ora enəcək və bir dəstə mələk oradan asimana qalxacaqdır". O həzrətdən soruşdular: "Ey Rəsulallahın (s) övladı, o hansı gümbəzdir?" İmam (ə) buyurdu: "Tus məntəqəsində olan bir gümbəzdir. And olsun Allaha, ora cənnət bağlarından bir bağdır. Hər kim məni burada ziyarət edərsə, sanki Rəsulallahı (s) ziyarət etmişdır."
4. İki mötəbər sənədlə nəql olunur ki, İmam Rza (ə) buyurmuşdur: "Hər kim mənim qəbrimin uzaq olduğunu nəzərə alıb məni ziyarət edərsə, Qiyamət günü üç yerdə onu dəhşətli səhnələrdən xilas etmək üçün mən onun yanına gələcəyəm: birincisi, əməl dəftərləri insanların əlinə verildikdə; ikincisi, Sirat körpüsünün yanında; üçüncüsü, əməl tərəzisinin yanında."
5. İmam Cavad (ə) buyurmuşdur: "Atamın haqqını tanıyaraq Tusda onun qəbrini ziyarət edən şəxs üçün mən, Allah-Təala tərəfindən Cənnətə zaminəm."
Qısaca olaraq deyə bilərik ki, İmam Rzanı (ə) ziyarət etməyin fəziləti barədə nəql olunan hədislər hədsiz çoxdur. Belə ki, digər Məsumların (ə) ziyarətinin fəziləti barədə bu qədər hədis nəql olunmamışdır. Bu, müxtəlif səbəblərə görə ola bilər. Həmin səbəblərdən biri odur ki, təkcə "On iki İmam şiələri" onun məzarının ziyarətinə gedir, onun türbətindən təbərrük gütürür və yolunu davam etdirirlər. Sonuncu hədisdə vurğulandığı kimi, o həzrətin haqqını tanımaq ziyarətin qəbul olunma şərtidir.