EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
XANIM MƏSUMƏNİ (S.Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
Məsumə adı ilə tanınan İmam Musa ibn Cəfərin (ə) qızı Xanım Fatimənin (s.ə) pak qəbri müqəddəs Qum şəhərində yerləşir. O, Qum əhalisinin gözünün nuru və insanların pənah yeridir. Hər il milyonlarla insan yaxın və uzaq şəhərlərdən, ölkələrdən səfər çətinliklərinə qatlaşıb bu xanımı ziyarət edirlər. Xanım Məsumənin (s.ə) fəziləti və cəlaləti barədə nəql olunan saysız hədislərdən yalnız bir neçəsini sizin nəzərinizə çatdırırıq:
1. Şeyx Səduq və İbn Quləvəyh (mötəbər sənədlə) nəql edirlər ki, Səd ibn Səd dedi: "Mən İmam Əli ibn Musa ər-Rzadan (ə) İmam Musa ibn Cəfərin (ə) qızı Xanım Fatimə (s.ə) barəsində soruşdum. İmam Rza (ə) buyurdu: "Hər kim onu ziyarət etsə, Cənnət onun olacaqdır."
2. İmam Cavad (ə) buyurub: "Hər kim mənim Qumdakı bibimi ziyarət etsə, Cənnət onun olacaqdır."
3. Hüseyn ibn Məhəmməd Qummi "Qumun tarixi" kitabında İmam Sadiqin (ə) bu hədisini qeyd edib: "Allah üçün bir hərəm vardır və o hərəm Məkkədir. Rəsulallah (s) üçün bir hərəm vardır və o hərəm Mədinədir. Əmirəl-möminin (ə) üçün bir hərəm vardır və o hərəm Kufədir. Bizim (Əhli-beyt) üçün bir hərəm vardır və o da Qumdur. Tezliklə mənim övladlarımdan Fatimə adlı bir xanım orada dəfn olunacaqdır. Hər kim onu ziyarət etsə, Cənnət ona vacib olar." Ravi deyir: İmam Sadiq (ə) bu hədisi bəyan edərkən onun zövcəsi hələ Musa ibn Cəfərə (ə) (yəni Xanım Məsumənin (s.ə) atasına) hamilə deyildi.
Söz yox ki, bu müqəddəs şəxsiyyətin haqqını tanımaq hədislərdə sözügedən fəzilətlərə nail olmaq üçün əsas şərtdir. Bu mətləbə bəzi hədislərdə toxunulmuşdur.