EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
KUFƏ MƏSCİDİNİN FƏZİLƏTİ
Kufə məscidinin fəziləti, orada namaz qılmaq və ibadət etmək barəsində də saysız hədislər vardır. O cümlədən:
1. Əbu Həmzə Sumali nəql edir ki, günlərin birində İmam Səccad (ə) Mədinədən məhz Kufə məscidini ziyarət etmək üçün Kufəyə tərəf hərəkət etdi. O, Kufəyə çatıb oranın məscidində iki rəkət namaz qıldı, sonra miniyinə süvar olub yenidən Mədinəyə qayıtdı.
2. Hədislərin birində Əmirəl-möminin Əli (ə) buyurur ki, min peyğəmbər və min peyğəmbər canişini Kufə məscidində namaz qılmışdır.
3. Hədislərin birində İmam Sadiq (ə) buyurmuşdur: "Əgər mən Kufə məscidinin yaxınlığında olsaydım, ümid edirəm ki, bir namazımı belə oradan qeyri yerdə qılmazdım." Sonra o həzrət üzünü bu hədisin ravisinə tutub deyir: "Kufə məscidinin fəzilətindən xəbərdarsanmı?" Ravi: "Xeyr" – deyə cavab verir. Bu vaxt o həzrət buyurur: "Bütün saleh bəndələr və peyğəmbərlər Kufə məscidində namaz qılmışlar. Hətta Rəsulallah (s) meraca getdiyi vaxt Cəbrail o həzrətə buyurdu: "Ey Məhəmməd, heç bilirsənmi indi haradasan?" Rəsulallah: "Xeyr" – deyə buyurdu. Cəbrail ərz etdi: "İndi sən Kufə məscidinin üstündəsən." Rəsulallah (s) buyurdu: "Onda Rəbbindən icazə al ki, enib orada namaz qılaq." Cəbrail icazə aldı və Rəbbi də ona icazə verdi. Rəsulallah enib orada iki rəkət namaz qıldı." İmam Sadiq (ə) sözünə əlavə etdi: "Burada qılınan vacib namaz min namaza, müstəhəb namaz isə beş yüz namaza bərabərdir. Onun dörd bir tərəfində cənnət bağlarından biri yerləşir. Orada namaz qılmadan və zikr demədən sadəcə əyləşmək belə ibadətdir."
4. İmam Sadiq (ə) buyurub: "Əmirəl-möminin Əli (ə) "Məscidul-əqsa"da ibadət etməyin savabını qazanmaq məqsədilə səfərə hazırlaşan və xudahafizləşmək üçün Kufə məscidində o həzrətin hüzuruna gələn bir kişiyə belə buyurdu: "Yol tədarükünü sat və gəl bu məsciddə namaz qıl. Burada qılınan vacib namaz bir qəbul olunmuş həccə, müstəhəb namaz isə bir qəbul olunmuş umrəyə bərabərdir... Bu məsciddə hər bir kədərli və dərdlinin etdiyi dua, dilədiyi diləyi Allah həyata keçirir və onun çətinliyini həll edir".
5. Əmirəl-möminin Əlinin (ə) buyurduğu hədisə istinadən Kufə məscidi Həzrət Adəmin, Həzrət Nuhun, Həzrət İdrisin evi, Həzrət İbrahimin və Həzrət Xızırın namaz məkanı olmuşdur. Bu məscid Allahın secdiyi dörd məsciddən biridir və Qiyamət günü orada namaz qılanlara şəfaət edəcəkdir; özü də geri qaytarılmayan bir şəfaət. Kufə məscidi Həzrət Məhdinin (ə.f) də namaz məkanıdır. Yer üzündə elə bir mömin tapılmaz ki, bu məsciddə namaz qılmağa can atmasın.
6. Kufə məscidi dörd məkandan biridir ki, müsafir orada seçim edə bilər: namazını tam və ya qəsr qıla bilər. İmam Sadiq (ə) buyurmuşdur: "Allahın xizinəsində olan elmlərdən biri də dörd məkanda namazı tam qılmaqdır: Allahın hərəmində (Məscidul-həram), Rəsulallahın (s) hərəmində, Əmirəl-möminin Əlinin (ə) hərəmində, Hüseyn ibn Əlinin (ə) hərəmində".