KAZİMEYN ZİYARƏTİNİN FƏZİLƏTİ
İmam Musa ibn Cəfər (ə) və İmam Cavadı (ə) ziyarət eyməyin fəziləti barədə çoxlu hədislər nəql olunmuşdur. Burada həmin hədislərin bir neçəsinə nəzər salaq:
1. İmam Musa ibn Cəfəri (ə) ziyarət etmək Rəsulallahı (s) ziyarət etmək kimidir. Hər kim onu ziyarət edərsə, Rəsulallahı (s) və Əmirəl-möminini (ə) ziyarət etmiş kimidir. Həmçinin o həzrəti ziyarət etmək İmam Hüseyni (ə) ziyarət etmək kimidir.
2. Hər kim İmam Musa ibn Cəfəri (ə) ziyarət edərsə, cənnət əhlidir.
3. İbn Şərh Aşub nəql edir ki, Xətib Bağdadi ("Bağdad tarixi" əsərinin müəllifi) Əli ibn Xəllalın belə dediyini qeyd etmişdir: "Qarşıma çıxan hər hansı bir çətinlikdə mən Musa ibn Cəfərin (ə) pak qəbrinə pənah apardıqda və o həzrətə təvəssül etdikdə, Allah mənim o çətinliyimi həll etmişdir."
4. Yenə də Xətib Bağdadi nəql edir: "Bir gün Bağdadda bir qadının qaça-qaça yol getdiyini görürlər. Ondan: "Hara gedirsən?"- deyə soruşurlar. Qadın deyir: "İmam Musa ibn Cəfərin (ə) qəbri üstünə gedirəm ki, oğlumun həbsdən azad olması üçün dua edim." Hənbəli məzhəbli bir kişi bunu eşidib ona rişxəndlə dedi: "Oğlun zindanda öldü." Qadın dedi: "Ey Allahım, zindanda qətlə yetirilən o kəsin haqqına xatir Öz qüdrətini bizə göstər!" Çox keçmədi ki, o qadının oğlunu azad etdilər və o hənbəli məzhəbli kişinin oğlunu həbs etdilər."
Müqəddəs Kazimeyn (ə) hərəmində oxunan ziyarətlər 2 qisimdir: 1- Hər İmama (ə) məxsus ziyarət; 2- Hər iki İmama (ə) aid müştərək ziyarət.