EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
MƏSUMLAR VƏ HƏFTƏNİN GÜNLƏRİ
Seyid İbn Tavus "Cəmalul-usbu" kitabında yazır: Mərhum Şeyx Səduq bir hədis nəql edib ki, onun xülasəsi belədir:
İmam Hadi (ə) Samirrada Mütəvəkkil Abbasinin məmurlarının ciddi nəzarəti altında olduğu vaxtlarda şiələrdən biri imamətə əqidəsi olan bir məmurun vasitəsilə o həzrətlə görüşə bilir. O, İmam Hadiyə (ə) bir çox suallar verir, o cümlədən, Həzrət Peyğəmbərin (s) buyurduğu bu hədisin təfsirini soruşur:
"Günlər ilə düşmənçilik etməyin, yoxsa onlar da sizinlə düşmənçilik edər."
İmam Hadi (ə) buyurur: ""Günlər"dən məqsəd, göylər və yer durduqca bizik. Şənbə günü (yəvmus-səbt) Həzrət Rəsulallahın (s) adınadır, bazar günü (yəvmul-əhəd) Əmirəl-mömininin (ə) adınadır, bazar ertəsi günü (yəvmul-isnəyn) Həsən (ə) və Hüseynin (ə) adınadır, çərşənbə axşamı günü (yəvmus-suləsa) Əli ibn Hüseyn (ə), Məhəmməd ibn Əli (ə) və Cəfər ibn Məhəmmədin (ə) adınadır, çərşənbə günü (yəvmul-ərbə`a) Musa ibn Cəfər (ə), Əli ibn Musa (ə), Məhəmməd ibn Əli (ə) və mənim (Əli ibn Məhəmməd (ə)) adınadır, cümə axşamı günü (yəvmul-xəmis) övladım Həsənin (ə) və cümə günü onun övladının (Hüccət ibn Həsənin (ə.f)) adınadır. Haqqın tərəfdarı olan kəs sonunda onun (Hüccət ibn Həsənin (ə.f)) ətrafına cəm olar. Budur "günlər"in mənası. Dünyada onlarla düşmənçilik etməyin ki, axirətdə onlar sizinlə düşmənçilik edərlər."
Sonra İmam Hadi (ə) o şəxsə buyurur: "Xudahafizləş və evdən çıx, çünki sənin üçün nigaranam."
Seyid İbn Tavus bu hədisi başqa sənədlə Qütb Ravəndidən nəql etmiş, sonra Məsumların (ə) hər biri üçün onlara aid olan gündə oxunan bir ziyarət qeyd etmişdir.