PEYĞƏMBƏRLƏRİN QƏBİRLƏRİNİN YERİ
Bəqərə surəsinin 285-ci ayəsinə istinadən – "Biz heç bir peyğəmbər arasında fərq qoymuruq..." – bütün peyğəmbərləri hörmətlə yad etmək, onları uca tutmaq gərəkdir. Onların qəbirlərini ziyarət etmək isə bütün alimlər tərəfindən yaxşı və bəyənilən bir əməl kimi dəyərləndirilir.
İlahi peyğəmbərlərin sayı çox olsa da, onların çox azının qəbrinin yeri məlumdur. Qəbirlərinin yeri məlum olan peyğəmbərlər aşağıdakılardır:
1. Həzrət Adəm (ə) və Həzrət Nuhun (ə) qəbri Əmirəl-möminin Əlinin (ə) qəbri kənarındadır;
2. Həzrət İbrahimin (ə) qəbri Beytul-muqəddəsin yaxınlığında yerləşən əl-Xəlil şəhərindədir;
3. Həzrət İbrahimin (ə) qəbri kənarında Xanım Saranın, həmçinin onun üç övladı və nəvəsi Həzrət İshaqın (ə), Həzrət Yəqubun (ə) və Həzrət Yusifin (ə) qəbirləri yerləşır;
4. Həzrət İsmailın (ə) və onun anası Xanım Hacərin qəbri Kəbənin kənarında "Hicri-İsmail"də yerləşir. Bir çox peyğəmbərlərin qəbri də Hicri-İsmaildə və "rükn" ilə "məqam" arasında, yaxud "rükni-yəmani" ilə "həcərul-əsvəd" arasında yerləşir. (Belə ki, İmam Baqirin (ə) buyurduğu hədisə istinadən, "rükn" ilə "məqam"ın arasındakı yer peyğəmbərlərin qəbri ilə doludur. İmam Sadiq (ə) də buyurmuşdur ki, "rükni-yəmani" ilə "həcərul-əsvəd" arasında yetmiş peyğəmbər dəfn olunmuşdur);
5. Həzrət Davudun (ə) və Həzrət Süleymanın (ə) qəbri Beytul-muqəddəsdə yerləşir (oranın əhalisi arasında məşhur olan inanca görə);
6. Həzrət Zəkəriyyanın (ə) qəbri Hələb şəhərində yerləşir;
7. Həzrət Yunisin (ə) qəbri Kufədə Fərat çayının kənarında yerləşir və qəbrin üzərində gümbəz tikilmişdir;
8. Həzrət Hudun (ə) və Həzrət Salehin (ə) qəbri Nəcəf şəhərində tanınmış ziyarətgahlardandır;
9. Həzrət Zul-Kiflin (ə) qəbri Kufə yaxınlığında – oradan bir neçə fərsəx aralıda Fərat çayının kənarında yerləşir;
10. Cərcis peyğəmbərin (ə) qəbri Mosul şəhərində yerləşir;
11. Mosul şəhərin ətrafında Həzrət Adəmin (ə) övladı Həzrət Şeysin (ə) qəbri yerləşir;
12. İranın Xuzistan bölgəsindəki Şuş şəhərində Daniyal peyğəmbərin (ə) qəbri yerləşir;
13. Bağdadın "Bərasa" məscidində Həzrət Yuşənin (ə) qəbri yerləşir.
Allahın salamı olsun onların hamısına.