SƏHLƏ MƏSCİDİNİN FƏZİLƏTİ
Böyük Kufə məscidindən sonra növbə "Səhlə" məscidinə çatır. Bu məscid bir sıra hədislərdə "Suheyl", bir sıra hədislərdə "Şəra", bir sıra hədislərdə isə "Bəni-Zəfər" adlanmışdır. Bu məscid İmam Zaman (ə.f) aşiqlərinin o həzrətlə görüş məkanıdır. Hədislərdə bu məscidin saysız fəzilətlərindən söz açılmışdır, o cümlədən:
1. Bu yer İdris peyğəmbərin (ə), İbrahim peyğəmbərin (ə) və bir çox peyğəmbərlərin, vəsilərin, saleh bəndələrin evi olmuşdur.
2. Bəzi hədislərdə (bu məscidin fəzilətindən danışılarkən) "fihil-mirac" ifadəsi işlənmişdir. Ola bilsin ki, bu ifadə möminlərin bu məsciddə mənəvi meraca yüksəldiklərinə işarə edir. Yaxud da Həzrət Rəsulallahın (s) merac gecəsi Kufə məscidinə endikdən sonra (bəzi hədislərdə qeyd olunur ki, Həzrət Rəsulallah (s) həmin gecə Kufə məscidinə enib orada iki rəkət namaz qıldı) Səhlə məscidinə gedib oradan səmaya qalxmasına işarədir.
3. Şeyx Tusi "Təhzib" kitabında İmam Sadiqin (ə) belə buyurduğunu qeyd edir: "Qəm-qüssə çəkən və çətinliyi olan hər kəs əgər bu məscidə gedib məğrib və işa namazlarının arasında iki rəkət namaz qılarsa, Allah onun çətinliyini həll edər".
4. İmam Sadiq (ə) Əbu Bəsirə buyurdu: "Bu məscid o günbəzlərdəndir ki, Allah orada dua etməyi və dilək diləməyi sevir. Elə bir gündüz və gecə yoxdur ki, mələklər bu məscidi ziyarət edib orada Allaha ibadət etməsinlər..."
5. İmam Sadiqin (ə) buyurduğu bir hədisə istinadən (ibadət etmək üçün) bu məsciddə hazır olmaq Həzrət Rəsulallahın (s) xeyməsində hazır olmaq kimidir. Bütün mömin kişi və qadınlar bu məsciddə olmağı arzulayarlar.