İMAM HÜSEYNİ (Ə) UZAQDAN ZİYARƏT ETMƏK
Qeyd edilən ziyarətlərdən aydın olduğu kimi, İmam Hüseyni (ə) (həmçinin başqa Məsumları (ə)) uzaqdan ziyarət etməyin də çox büyük savabı vardır. Bu barədə saysız hədislər nəql olunmuşdur ki, biz burada onlardan bir neçəsini qeyd edirik:
1. "Əlqəmənin hədisi" adı ilə tanınan hədisin əvvəlində İmam Baqir (ə) İmam Hüseynin (ə) hərəmində Aşura ziyarətinin savabını əzəmətlə bəyan edərkən, Əlqəmə ondan soruşur: "Sənə fəda olum, Kərbəladan uzaq şəhərlərdə yaşayan və belə bir gündə (Aşura günündə) o həzrətin qəbrini ziyarət etmək imkanı olmayan, eyni zamanda onu bu gündə uzaqdan ziyarət etmək istəyən kəsin savabı nədir?" İmam Baqir (ə) aşağıda qeyd olunacaq əməlləri bəyan etdikdən sonra buyurdu: "Mən Allahın zəmanətini verirəm ki, bu gündə (aşağıda qeyd olunacaq əməllərə riayət edərək) İmam Hüseyni (ə) ziyarət edən kəsə bütün o savablar yazılar."
2. İbn Əbu Umeyr İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Əgər sizlərdən kiminsə yolu uzaq olsa və evindən bizim qəbrimizə qədər məsafə çox olsa, o kəs açıq bir yerdə dayansın. İki rəkər namaz qılıb bizim qəbrimizə işarə edərək salam desin. Heç şübhəsiz, onun salamı bizə çatar."
3. İmam Sadiqin (ə) səhabələrindən olan Sudeyrin nəql etdiyi hədisdən aydın başa düşülür ki, İmam Hüseyni (ə) uzaqdan ziyarət etməyin də çox böyük savabı vardır. Belə ki, açıq bir yerdə dayanıb sağına və soluna bax. Sonra üzünü səmaya qaldırıb İmam Hüseynin (ə) qəbrinə işarə edərək de:
اَلسَّلَامُ عَلَيْكَ وَ رَحْمَةُ اللهِ وَ بَرَكَاتُهُ۔
Bunun əvəzində çoxlu savab yazılar.
4. "İmam Hüseynin (ə) mütləq ziyarətləri"ndən birinci ziyarətin müqəddiməsində qeyd olundu ki, ravi İmam Sadiqdən (ə): "Sənə fəda olum, çox vaxt İmam Hüseyni (ə) yad edirəm. Bu vaxt mən nə edim?"- deyə soruşduqda o həzrət belə buyurdu: "Üç dəfə: "Səlləllahu ʻaləykə ya Əba ʻƏbdillah"- de. Uzaqdan və ya yaxından deyilən salam ona çatır."