İMAM ƏLİNİN (Ə) QƏBRİ KƏNARINDA GÖRÜNƏN KƏRAMƏTLƏR
İbn Bətutə öz səfərnaməsində rəcəbin iyirmi yeddinci gecəsi Əmirəl-möminin Əlinin (ə) hərəmində müşahidə olunan kəramətləri belə nəql edir: Bu şəhərin (Nəcəfin) camaatının hamısı şiədir. Bu hərəmdə bir çox kəramətlər müşahidə olunmuşdur. Camaatın inancına görə bu kəramətlərin səbəbi burada Həzrət Əlinin (ə) qəbrinin yerləşməsidir. "Ləylətul-məhya" adlanan rəcəbin iyirmi yeddinci gecəsi işa namazından sonra İraqdan, Farsdan və Rumdan gələn çoxlu dəstələr Həzrət Əlinin (ə) qəbrinin kənarına toplaşır, ağır xəstələri, o cümlədən, iflicləri zərihin kənarına qoyur, özləri isə namaz və zikrlə, Quran oxumaq və ziyarətlə məşğul olurlar. Gecədən bir qədər keçdikdən sonra xəstələr şəfa tapıb sağalır və "Lə iləhə illəllah, Muhəmmədun rəsulullah, Əliyyun vəliyyullah" deyərək ayağa qalxırlar. Bu əhvalatlar oranın camaatı arasında geniş yayılmışdır. Baxmayaraq ki, mən özüm həmin gecədə orada olmamışam, amma bu əhvalatları etibarlı şəxslərdən eşitmişəm. Həmçinin hərəmin mədrəsəsində üç iflic şəxslə qarşılaşdım. Onlardan biri Rumdan, biri İsfahandan, biri də Xorasandan gəlmişdi. Onlarla hal-əhval tutdum. Mənə dedilər ki, bu il onlar "Ləylətul-məhya"ya çata bilməmişlər, ona görə də şəfa tapmaları üçün gələn ilin həmin gecəsini gözləyirlər. Bu gecə müxtəlif şəhərlərdən Nəcəfə insanlar axışır və orada böyük bir bazar da qurulur ki, on gün davam edir.
Söz yox ki, hal-hazırda da müxtəlif mübarək gecələr və günlərdə Məsum İmamların (ə) hərəmində, o cümlədən, İmam Əlinin (ə) və İmam Rzanın (ə) hərəmində xəstələr şəfa tapırlar. Bəlkə siz əziz oxucular da bu kəramətləri və möcüzələri görmüş, eşitmişsiniz. Son zamanlarda müqəddəs ziyarətgahların idarələrində yetərli araşdırmalar apardıqdan sonra orada şəfa tapanların adları qeydə alınır.