CÜMƏ GECƏSİNİN FƏZİLƏTİ
Mötəbər bir hədisdə oxuyuruq: "Həqiqətən dövranınızın günlərində Allahın nəsimlərı vardır, onları əldən verməyin." Bu hədisə əsaslanıb rəhmət nəsimlərinin əsməsinin intizarını çəkən fərd bilsin ki, ən yaxşı fürsətlərdən biri cümə gecəsi və cümə günüdür. Bu fürsətdə o, ilahi məğfirət və rəhmətə qovuşa bilər: məğfirət sayəsində günahları bağışlanar, rəhmət sayəsində isə əskikliklərini aradan qaldıra və gələcək günlərdə yeni-yeni uğurlar əldə etmək üçün qüvvə kəsb edə bilər.
Bu mətləbə dəlalət edən saysız hədislərdən bir neçəsinə nəzər salaq:
1. Mötəbər sənədlərlə nəql olunur ki, Həzrət Rəsulallah (s) buyurmuşdur: "Bir mələk cümə gecəsinin əvvəlindən axırınadək (Allah tərəfindən) belə car çəkir: "Dilək diləyən varmı ki, ona əta edim? Tövbə edən varmı ki, onun tövbəsini qəbul edim? Bağışlanma diləyən varmı ki, onun bağışlayım? Ey xeyir istəyən kəs, mənə tərəf gəl! Ey şər istəyən kəs, əl saxla!" Bu mələk sübhədək təkrar-təkrar bu sözləri deyir. Sübh olduqda isə səmada öz yerinə qayıdır."
2. İmam Sadiq (ə) buyurur ki, cümə gecəsində dünya və axirət hacətlərini istəmək, günahlar üçün tövbə etmək, ruzinin çoxalmasını, xəstələrin şəfasını, məhbusların azad olmasını istəmək barədə Allah ərşindən bəndələrə nida gəlir.
3. Başqa bir mötəbər hədisdə İmam Sadiq (ə) buyurur: "Həzrət Yəqub (ə) övladlarına söz verdi ki, tezliklə onlar üçün bağışlanma istəyəcəkdir. İstiğfarının qəbul olunması üçün o, cümə gecəsinin səhərə yaxın vaxtını seçdi."