EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAMZADƏLƏRİN ZİYARƏTİ
Heç şübhəsiz, ilahi rəhmətin nazil olduğu məkanlardan biri də şəni uca imamzadələrin qəbirləridir. Böyük alimlər bu qəbirləri ziyarət etməyin müstəhəb olduğunu vurğulamışlar. Həmd olsun Allaha ki, əhalisi şiə olan məntəqələrdə bu qəbirlərə diqqət yetirilir və abadlaşdırılır. Möminlər və Əhli-beyt aşiqləri bu şəni uca və nəcabətli sülalədən olan şəxsiyyətləri böyük şövqlə ziyarət edirlər. Bu imamzadələr əsasən Bəni-Uməyyə və Bəni-Abbas sülalələrinin hakimiyyəti zamanı Hicaz və İraq məntəqələrində Peyğəmbər nəslinə və Əhli-beyt şiələrinə göstərilən təzyiq və zülmlər səbəbi ilə "Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?" ayəsini əsas tutaraq öz diyarlarından hicrət etmiş, nisbətən əmniyyətli görünən və əhalisi şiə olan şəhərlərə, kəndlərə pənah aparmışlar. Buna baxmayaraq, onların çoxu sonda hakimiyyətin muzdurları tərəfindən ələ keçirilərək şəhid edilmişlər.
İmamzadələri (Həzrət Əbulfəzl (ə), Həzrət Əli Əkbər (ə) və Xanım Məsumədən (s.ə) başqa) ziyarət etməyin qaydası barədə xüsusi bir hədis nəql olunmamışdır. Odur ki, mərhum Əllamə Məclisi deyir: Onları başqa möminləri ziyarət etdiyin qaydada ziyarət edə bilərsən. Həmçinin onların fəzilətlərini sadalayıb, onlara və pak əcdadlarına salam göndərə, təvəssül edə və onlardan şəfaət istəyə bilərsən. Əllamə Məclisinin dediklərini üç şəkildə yerinə yetirmək olar:
a) Ziyarət etdiyin imamzadə üçün Allahdan bağışlanma və uca məqam dilədikdən, Fatihə surəsini oxuduqdan sonra Allahı onun məqamına and ver və öz istəklərini Allahdan dilə.
b) Ziyarət etdiyin imamzadə üçün Allahdan bağışlanma və uca məqam dilədikdən sonra onun atası və ya babası olan birinci Məsum İmama (ə) xitab edib salam söylə, yaxud "Camiə ziyarətləri"ndən birini oxu. Daha sonra onu bu qəbirin sahibi olan övladına and verib ondan Allah dərgahında şəfaətçi olmasını istə.
c) Əvvəlcə Fatihə surəsini oxu, sonra iki rəkət namaz qılıb onun savabını ziyarət etdiyin imamzadəyə hədiyyə et. Namazdan sonra dua et.