EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
HƏZRƏT ƏBDUL-ƏZİM HƏSƏNİNİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
Həzrət Əbdul-Əzimin nəsli bir neçə babası ilə İmam Həsən Müctəbaya (ə) çatır. Onun pak qəbri Rey şəhərindədir və insanların pənah yeridir. O, Rəsulallahın nəslindən olan fəzilətli seyid olmaqla yanaşı, həm də zöhd, ibadət və təqva əhli olan böyük din alimi olmuşdur. Həzrət Əbdul-Əzim İmam Cavadın (ə) və İmam Hadinin (ə) ən yaxın səhabəsi olmuş, onlardan çoxlu hədislər nəql etmişdir. "Xutəbu Əmiril-muminin" və "Kitabu yəvmin və ləylətin" kitabları onun əsərləridir. O öz dinini (dini inanclarını) zəmanəsinin imamı Həzrət Hadiyə (ə) təqdim etmiş (bəyan etmiş) və o həzrət onun dinini təsdiqləyib buyurmuşdur: "Ey Əbul-Qasim, and olsun Allaha, bu (inanclar), Allahın Öz bəndələri üçün bəyəndiyi həmin dindir. Bu əqidədə dönməz ol. Allah səni dünya və axirətdə sabit kəlam və əqidədə dönməz etsin."
Həmçinin Sahib ibn Ubbad Həzrət Əbdul-Əzimin elmi barəsində deyir: "Əbu Turab Ruyani mənə dedi ki, o, Əbu Həmmad Razidən belə eşitmişdir: "Mən Samirrada İmam Hadinin (ə) yanına getdim və halal-haramın bəzi məsələlərini o həzrətdən soruşdum. O həzrət mənim suallarımı cavablandırdı və vidalaşarkən mənə buyurdu: "Ey Həmmad, dini məsələlərdə sualın olduqda, sizin məntəqədə Rey şəhərində məskunlaşan Abdullah Həsəninin övladı Əbdul-Əzimdən soruş və mənim salamımı ona çatdır."
Həzrət Əbdul-Əzimi ziyarət etməyin əhəmiyyəti barədə təkcə bu hədisi qeyd etmək kifayət edir: İbn Quləvəyh "Kamiluz-ziyarat" kitabında Rey şəhərinin əhalisindən olan bir nəfərin belə dediyini nəql edir: "Mən İmam Hadinin (ə) yanına getmişdim. O həzrət məndən: "Harada idin?" – deyə soruşdu. Mən ərz etdim ki, (Kərbəlaya) İmam Hüseyn ibn Əlinin (ə) ziyarətinə getmişdim. O həzrət buyurdu: "Bil ki, əgər sizin şəhərinizdə olan Əbdul-Əzimin qəbrini ziyarət etsəydin, İmam Hüseyni (ə) ziyarət etmiş sayılardın."