EN اردو RO AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
İMAM ƏLİNİN (Ə) QƏBRİNİ ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ
1. Şeyx Tusi "Əmali" kitabında yazır ki, İmam Sadiq (ə) buyurub: "Allah sayca mələklərdən çox bir məxluq yaratmamışdır. Hər gün onlardan yetmiş mini nazil olub "Beytul-məmur"u, sonra Kəbə evini ziyarət edir, daha sonra Rəsulallahın (s) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər. Sonra Əmirəl-möminin Əlinin (ə) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər. Sonra Hüseynin (ə) qəbrinin ziyarətinə gedir, ona salam deyirlər və bundan sonra göyə qalxırlar. Beləcə, Qiyamətədək hər gün mələklərdən bir dəstəsi (onların ziyarəti üçün) nazil olur". Həmçinin İmam Sadiq (ə) buyurub: "Hər kim Əmirəl-möminini (ə) "arifən bi-həqqihi" (yəni onun haqqını tanıyaraq) və təkəbbürlük etmədən ziyarət edərsə, Allah ona şəhidlərin savabını yazar və günahları bağışlanar. O, Qiyamətdə əmin-amanlıq içində ayağa qaldırılar, haqq-hesabı yüngül tutular, mələklər onun pişvazına gələrlər. Bu şəxs ziyarətdən geri qayıdarkən, mələklər onu evinə qədər müşayiət edərlər. Əgər xəstələnərsə, onun görüşünə gedərlər. Əgər ölərsə, onun dəfnində iştirak edər və bağışlanmasını Allahdan istəyərlər." (Unutmayın ki, bu mükafatlar o həzrətin haqqını tanıyan və onun yolunu gedən şəxslərə verilir.)
2. "Kamiluz-ziyarat" kitabında yazılır ki, Əbu Vəhb Bəsri belə nəql edir: "Mədinəyə daxil oldum və İmam Sadiqin (ə) görüşünə getdim. O həzrətə ərz etdim: "Sənə qurban olum, sizin görüşünüzə gəldim, amma Əmirəl-möminin Əlinin (ə) qəbrini ziyarət etmədim." İmam Sadiq (ə) buyurdu: "Yaxşı iş görmədin. Əgər bizim şiələrdən olmasaydın, üzünə baxmazdım, çünki mələklərin, peyğəmbərlərin və möminlərin ziyarət etdikləri bir kəsi ziyarət etmədən bura gəlmisən."
3. Başqa bir hədisdə İmam Sadiq (ə) Müfəzzəl ibn Ömərə belə buyurur: "Əmirəl-mömininin zəvvarı dua edərkən və Allahdan bir istək diləyərkən göyün qapıları onun üzünə açılır. Odur ki, xeyirdən qafil olmayın."
4. Hədislərin birində nəql olunur ki, İmam Həsən Müctəba (ə) Rəsulallahdan (s): "Sizi ziyarət edənin mükafatı nədir?" – deyə soruşduqda Rəsulallah (s) cavabında buyurdu: "Oğlum, hər kim sağlığımda və ya vəfat etdikdən sonra məni, yaxud sağlığında və ya vəfat etdikdən sonra atanı ziyarət edərsə, Qiyamətdə bu şəxsi ziyarət etmək mənə vacib olur..."
5. Xələf ibn Həmmad nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "Kufədən kənarda (Nəcəfdə) bir qəbir vardır ki, ora pənah aparan hər bir xəstə şəfa tapar".
6. Həssan ibn Mehran nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "Ey Həssan, sizin məntəqədə yerləşən şəhidlərin qəbrinin ziyarətinə gedirsinizmi?" Soruşdum: "Hansı şəhidlərin?" Buyurdu: "Əli (ə) və Hüseynin (ə)." Dedim: "Bəli, tez-tez onların ziyarətinə gedirik." Buyurdu: "Onlar həmin şəhidlərdir ki, Allah yanında onlara ruzi verilir. Odur ki, onları ziyarət edin, onlara pənah aparın və hacətlərinizi onlara söyləyin (Allah hacətlərinizi rəva edər)".
7. Əllamə Məclisi "Biharul-ənvar"da "İrşadul-qulub" kitabına istinadən yazır ki, Abdullah ibn Hazim nəql edir: "Bir gün Harun ər-Rəşidlə (ov üçün) Kufədən çıxıb Ğəriyyin (Nəcəf) tərəfə yollandıq. Orada ceyranlar gördük və ov qırğılarını, itlərini onların dalınca saldıq. Bir saata qədər onları təqib etdilər, ta ki ceyranlar bir təpəyə pənah apardılar və orada sakit dayandılar. İtlər və qırğılar da artıq onları təqib etmədilər və geri qayıtdılar. Bu səhnəni görən Harun təəccübləndi. Sonra ceyranlar o təpədən aşağı endilər, bu vaxt ov itləri və qırğıları yenidən onları təqib etməyə başladılar. Amma ceyranlar yenidən o təpəyə sığındılar, itlər və qırğılar da onları təqib etməkdən vaz keçdilər. Bu hadisə üçüncü dəfə təkrar olduqda Harun ər-Rəşid göstəriş verdi ki, bir nəfəri Kufəyə yollasınlar və yaşca hamıdan böyük olan bir kufəlini onun yanına gətirsinlər. Bəni-Əsəd tayfasından olan qoca bir kişini onun yanına gətirdilər. Harun ondan soruşdu: "Bu təpənin hekayəti nədir?" Qoca kişi cavab verdi: "Atam öz babalarından nəql edirdi ki, bu təpə Əli ibn Əbu Talibin (ə) qəbridir. Allah oranı hər şey üçün əmin-amanlıq yeri qərar vermişdir."